|
Tanış olduğunuz tobaccocontrol.az internet səhifəsi “Azərbaycanda Tütünlə Mübarizə üzrə
Milli Strategiyanın Hazırlanması” Layihəsi çərçivəsində
hazırlanmışdır. Layihə “Blumberq Təşəbbüsü” fondu tərəfindən
dəstəklənir və “Ağ Ciyər Xəstəliklərinə və Vərəmə Qarşı Beynəlxalq
İttifaq” vasitəsi ilə koordinasiya edilir. Bu layihə Azərbaycan
Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi,
Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası və Cons Hopkins
Universiteti Blumberq İctimai Səhiyyə Məktəbi Kommunikasiya Proqramları
Mərkəzi tərəfindən əməkdaşlıq formasında həyata keçirilir.
“Azərbaycanda
Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması” Layihəsi
2009-cu ilin oktyabr ayından fəaliyyətə başlamışdır. Layihə
çərçivəsində Azərbaycan Tütünlə Mübarizə üzrə İctimai Koalisiyası təsis
edilmiş, başlıca məqsəd olan strategiyanın hazırlanması üçün işçi qrup
yaradılmış, internet səhifə hazırlanmış və ölkəmizdə ilk dəfə tütün
probleminə həsr olunmuş milli konfrans keçirilmişdir. Layihənin əsas
məqsədi tütünlə kompleks şəkildə mübarizə aparmaq məqsədi ilə milli
strategiyanın hazırlanmasıdır. Bu məqsədlə İSİM-də yaradılan işçi
qrupun müntəzəm görüşləri keçirilir və hazırlıq prosesi zamanı
beynəlxalq təcrübəyə, Azərbaycanında qoşulduğu ÜST-nın Tütünlə Mübarizə
üzrə Çərçivə Konvensiyasına istinad edilir. Layihə bir il ərzində davam
edəcəkdir.
İctimaiyyətin
müxtəlif institutlarının (Milli Məclisin, dövlət orqanlarının,
qeyri-hökumət təşkilatlarının, KİV-lərin, səhiyyə müəssisələrinin)
nümayəndələrinin qoşulduğu Azərbaycan Tütünlə Mübarizə üzrə
İctimai Koalisiyası ölkəmizdə tütünlə mübarizə sahəsində cəmiyyətin
səylərinin birləşdirilməsi məqsədini daşıyır. Koalisiyanın hər ay
görüşləri keçirilir və bu tədbirlər zamanı tütünlə mübarizə ilə bağlı
müxtəlif məsələlər müzakirə olunur, fəaliyyətlər planlaşdırılır. Yeni
yaradılmış tobaccocontrol.az internet səhifəsində də başlıca olaraq bu
koalisiyanın fəaliyyəti işıqlandırılacaqdır. Bununla yanaşı burada siz
tütünlə mübarizə sahəsi ilə bağlı geniş məlumatlarla, Azərbaycanda baş
verən hadisələrlə, dünya təcrübəsilə, qanunvericiliklə tanış ola
biləcəksiniz.
|
|