|
“Tütünlə Mübarizə YOLLARI” mövzusunda Praktiki Təlim
|
11-12 mart 2010-cu il tarixlərində Azərbaycan Respublikası Səhiyyə
Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan
Səhiyyə Kommunikasiyası Assosiasiyası (AHCA) tərəfindən ABŞ-ın Blumberq
Təşəbbüsü Fondunun dəstəyi ilə “Azərbaycanda Tütünlə Mübarizə üzrə
Milli Strategiyanın Hazırlanması” layihəsi çərçivəsində tütünçəkmə ilə
mübarizə məsələlərinə həsr olunmuş “Tütünlə mübarizə yolları”
mövzusunda praktiki təlim keçirildi.
İki gün davam edən təlimdə dövlət və
qeyri-hökumət təşkilatlarının 16 nümayəndəsi iştirak etmişdir. Tədbirdə
təlimçi kimi Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının
nümayəndəsi Gülnarə Axundova çıxış etmişdir.
Praktiki təlimdə tütün epidemiyası ilə bağlı
məsələlər təhlil olundu, təlimçi tərəfindən müxtəlif təqdimatlarla
çıxışlar edildi, tütünlə mübarizə yolları və problemləri ilə bağlı
müzakirələr aparıldı.
“Dünyada tütün epidemiyası”, “Rəqib ilə
tanışlıq: Tütünün tarixi, tütün növləri, marketinqin gücü”, “Tütünsüz
mühit üzrə qanunvericilik”, “Tütünlə mübarizə üzrə
qlobal təşəbbüslər”, “Tütünlə mübarizədə ictimai vəkilliyin və
davranışın dəyişilməsi üçün kommunikasiyanın rolu”, “Azərbaycanda
tütünlə mübarizə fəaliyyətlərinin müzakirəsi” mövzuları ilə aparılan
təqdimatlar və eyni zamanda “Marlboro hekayəsi” və “Tütündən azad
Türkiyə” təqdimatları iştirakçılar tərəfindən xüsusi maraq doğuraraq
fəal müzakirələrə və faydalı təkliflərə səbəb oldu. İşguzar və
interaktiv şəraitdə keçirilən iki günlük təlimdə qrup işləri aparılmış
və sonda nəticələr yekunlaşdırılmışdır.
Xüsusi vurğulanmışdır ki, tütün epidemiyasının
insanlar tərəfindən törədildiyinə görə bu epidemiyaya yenə də insanlar
son qoymalıdır. Lakin tütünlə mübarizə tədbirləri çoxsektorlu yanaşma
tələb edir. Azərbaycanda tütünlə mübarizə sahəsində bir çox işlər
görülüb, lakin hələ də bəzi çatışmazlıqların aradan qaldırılmasına və
qanunların təkmilləşdirilməsinə və Tütünlə Mübarizə üzrə Milli
Strategiyanın hazırlanmasına ehtiyac vardır. Ona göra də tütün
epidemiyasını dayandırmaq üçün məqsədyönlü və düşünülmüş çoxsektorlu
fəaliyyət aparılmalıdır. |
|
|