Azərbaycan Tütünlə Mübarizə
Koalisiyasının növbəti, III görüşü 2010-cu il mart ayının 31-də
keçirildi. Görüşdə “Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli
Strategiyanın Hazırlanması” layihəsi tərəfindən hazırlanan Azərbaycan
Respublikasının 2011-2015 illər üçün Tütünlə Mübarizə üzrə Milli
Strategiyasının ilkin variantı koalisiyanın üzvlərinə təqdim edildi və
bununla bağlı geniş müzakirə aparıldı.
Səhiyyə
Nazirliyinin Sağlam Həyat Tərzi layihəsi üzrə milli koordinatoru,
layihənin eksperti Azad Hacıyev strategiyanın strukturu haqqında
ətraflı məlumat verdi. Strategiyanın giriş, tütün məhsullarına olan
tələbatın azaldılmasına yönəlmiş tədbirlər, tütün təchizatının və tütün
məhsullarının istifadəsinin azaldılmasına istiqamətlənmiş tədbirlər,
tütün istifadəsi və strategiyanın effektivliyinin monitorinqi və
qiymətləndirilməsi kimi bölmələrdən ibarət olduğunu qeyd edən
milli koordinator bu strategiyanın həyata keçirilməsində müxtəlif
orqanların iştirakının və onlar arasında koordinasiyanın vacibliyini
vurğuladı.
Daha
sonra tütünlə mübarizə haqqında məlumatların Azərbaycan
dilində əldə edilə biləcəyi www.tobaccocontrol.az internet
səhifəsinin rəsmi variantı iştirakçılara təqdim olundu. Tütünlə
mübarizə sahəsində tədqiqatların demək olar yox səviyyəsində olduğunu
qeyd edən Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının rəhbəri,
layihənin koordinatoru Nurlan Əliyev müxtəlif təşkilatların bu sahədə
keçirdikləri kiçik sorğuların, araşdırmaların və ümumiyyətlə hər bir
təşkilatın tütünlə mübarizə sahəsində fəaliyyətlərinin bu saytda
yerləşdirilə biləcəyini qeyd etdi.
Müzakirələr
zamanı iştirakçılar strategiya haqqında rəy və təkliflərini
bildirdilər.
Sonda
31 may tütünlə mübarizə günü ilə əlaqədar bir sıra tədbirlər
keçiriləcəyi və növbəti görüşdə bu tədbirlər barədə rəy və təkliflərin
müzakirə olunacağı qeyd edildi. Görüşdə müxtəlif dövlət, qeyri-hökumət
təşkilatlarının nümayəndələri və media mənsubları iştirak
edirdilər.