XƏBƏRLƏR

7 Aprel 2022

Elektron siqaret də tütün məmulatı kimi zərərlidir

www.azertag.az 

Elektron siqaret 1923-cü ildə Çində istehsal edilib. Maye yeni tipli cihazlarda qızdırılır və siqaret çəkən tüstünü deyil, buxarı udur.

Bəzən elə düşünürlər ki, elektron siqaretlər ənənəvi siqaretlərdən daha zərərlidir. Bəziləri isə bunu siqareti tərgitməyin ən səmərəli üsulu kimi qəbul edir. Elektron siqaret nikotinli və nikotinsiz olmaqla iki qrupa bölünür. Lakin əksər istehsalçılar onun tərkibinə mütləq nikotin daxil edir və nəticədə elektron siqaretlər də sağlamlıq üçün eyni dərəcədə təhlükəli olur.

AZƏRTAC xəbər verir ki, həkim-terapevt Nahid Məhərrəmov deyib: “Klassik siqaretləri tərgitmək üçün elektron siqaretlərdən müvəqqəti olaraq istifadə edilməsi normal haldır. Lakin ondan davamlı şəkildə istifadə etmək ziyanlıdır və onun bronxlara, ağciyərlərə böyük ziyanı var”.

Həkimlər onu da xüsusi vurğulayırlar ki, tütün məmulatları nə qədər ziyanlı və təhlükəlidirsə, elektron siqaretlər də o qədər ziyanlı və təhlükəlidir. Onu da qeyd edək ki, ölkəmizdə tütünlə mübarizəyə dair qanunvericilikdə dəyişiklik edilib və elektron siqaretlər də təhlükəli hesab olunub.