XƏBƏRLƏR

31 Yanvar 2017

İSİM-də tütünlə mübarizəyə dair dəyirmi masa keçirilmişdir

www.sehiyye.gov.az 

30.01.2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir. Bu dəfə tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi sahəsində müvafiq işlərin istiqamətləndirilməsi üçün yaradılmış Texniki Məsləhətçi Qrup (TMQ) media nümayəndələrini bir araya toplayaraq onlarla bərabər tütün istehlakının zərərli təsiri barədə ictimaiyyətə düzgün məlumatları çatdıracaq, tütün epidemiyasına qarşı aparılan mübarizənin təməlini təşkil edən məqsədyönlü siyasətin formalaşdırılması istiqamətlərini açıqlayıblar.

Bu da öz növbəsində “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planına əsasən mövcud qanunvericiliyin "Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası"nın həyata keçirilməsi məqsədi ilə mövcud qanunvericiliyin gücləndirilməsi isiqamətində atılan daha bir addım olmuşdur.

Tədbirdə media nümayəndələrin diqqətinə “Azərbaycanda tütünlə mübarizə qanunvericiliyin gücləndirilməsi” layihəsinin məqsəd və vəzifələri, dünyada və Azərbaycanda qeyri-infeksion xəstəliklər yükü, tütün epidemiyasının problemləri, prioritetləri və nailiyyətləri haqda məlumatlar çatdırılmışdır. Layihə çərçivəsində İSİM tərəfindən geniş ictimaiyyət arasında həyata keçirilmiş və nəzərdə tutulmuş aksiyalar, İSİM-in “Tütünçəkmədən imtina kabineti və qaynar xətt” pilot layihəsinin hesabat xarakterli təqdimatı baş tutmuşdur.

Tədbirdə müxtəlif qurumların tütünlə mübarizədə birgə səylərinin vacibliyi, gənc könüllülərin tütünlə mübarizə sahəsində verdiyi töhfə diqqətə çatdırılmışdır. Dəyirmi masada tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində hökumət və vətəndaş cəmiyyəti arasında körpü rolunu oynayan KİV-lərə bu mübarizədə xüsusi yer ayrıldığı qeyd olunmuşdur.

Belə ki, tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində atılan addımların geniş dəstəklənməsi və kompleks təbliğat işlərinin həyata keçirilməsi medianın vəzifələrinə daxilir. Məlumdur ki, Tütünlə mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyasının 12-ci maddəsinin həyata keçirilməsinin rəhbər prinsipləridə əhalinin tütünə qarşı mübarizə məsələləri üzrə məlumatlandırılması sosial dəyişikliklərin təmin edilməsi üçün əhəmiyyətli vasitə olduğu vurğulanır.