XƏBƏRLƏR

2 Avqust 2023

Azərbaycanda elektron siqaretlərlə bağlı dövlət standartı qəbul ediləcək

azertag.az

Birdəfəlik elektron siqaretlərin qutularının (qablaşdırmanın) üzərində Azərbaycan dilində zəruri məlumatlar, həmçinin istehlakçının sağlamlığına zərərli təsirləri barədə Azərbaycan dilində xəbərdarlıq yazılarının olmaması halları müəyyən edilib. Bu məhsulların ölkəyə idxalı ilə məşğul olan müəssisələrə satdıqları məhsulların etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə məktublar ünvanlanıb.

AZƏRTAC xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə mövcud qanunvericiliyin tələblərinə zidd olaraq qutularının üzərində Azərbaycan dilində zəruri məlumatlar olmayan, eləcə də istehlakçıların sağlamlığına zərərli təsirləri barədə Azərbaycan dilində müvafiq xəbərdarlıq yazısı olmayan birdəfəlik istifadə üçün elektron siqaretlərin idxalının və satışının həyata keçirilməsi barədə müraciət daxil olub. Müraciətdə qeyd olunan faktlar araşdırılaraq həmin məhsulların ölkə ərazisinə idxalını həyata keçirən müəssisələrə satdıqları məhsulların etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması və nəticəsi barədə Dövlət Xidmətinə məlumat verilməsi barədə müvafiq məktublar ünvanlanıb.

Məlumat üçün qeyd edilməlidir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən satıcı (icraçı) istehlakçını maraqlandıran malın istehlak xassələri, əldə edilməsi şərtləri, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Həmin qanunun 13-cü maddəsinin 3-cü bəndinə, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 7.4-cü maddəsinə və Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.8-ci bəndinə əsasən ölkəmizə idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.

Eyni zamanda, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən bütün növ qəlyanlar və elektron siqaretlər həmin qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur. “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunun 14.3.4-cü maddəsinə əsasən ölkə ərazisinə idxal edilən tütün məmulatlarının, o cümlədən birdəfəlik istifadə üçün elektron siqaretlərin qutularının üzərində (qablaşdırmasında) insanların səhhətinə zərərli təsirləri barədə Azərbaycan dilində xəbərdarlıq yazısı mövcud olmalıdır.

Qeyd edək ki, istehlak bazarında malların satışı zamanı yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə riayət edilməməsi istehlakçıların qanunla müəyyən edilən hüquq və mənafelərinin pozulmasına, habelə onların məhsulların xassələri haqqında düzgün məlumatlandırılmamasına səbəb ola bilər. Bu cür qanun pozuntularına yol verən və istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin tələblərinə əməl etməyən ticarət fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər məsuliyyət daşıyırlar.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçı hüquqlarının təmin edilməsi və onların dövlət tərəfindən müdafiəsinin həyata keçirilməsi ilə bağlı mövcud qanunvericilik və öz əsasnaməsi ilə ona həvalə edilən vəzifələr və hüquqlar əsasında istehlakçıların hüquqlarının və yuxarıda istinad edilən qanunvericilik aktlarının tələblərinin və ticarət qaydalarının pozulması halları aşkar etdikdə, pozuntulara yol vermiş şəxslərə iradnamə və yazılı tələbnamələr verir, onların qanunla müəyyənləşdirilmiş qaydada məsuliyyətə cəlb edilməsi ilə bağlı tədbirlər görür. Bundan əlavə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən elektron siqaretlərlə bağlı dövlət standartının qəbul olunması istiqamətində iş aparılır. Standart layihəsi hazırda dövlət orqanları ilə razılaşdırma mərhələsindədir.

İstehlakçılar müvafiq sahədə qanunvericiliyin tələblərinin pozulması halları ilə qarşılaşdıqları zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ([email protected]) və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.