XƏBƏRLƏR

30 Aprel 2024

İSİM-də “Azərbaycanda tütünlə mübarizə üzrə kompleks tədbirlərinin təşviqi” layihəsi çərçivəsində işçi qrupun 1-ci iclası keçirildi.

29 aprel 2024-cü il tarixdə “Azərbaycanda tütünlə mübarizə üzrə kompleks tədbirlərinin təşviqi” layihəsi çərçivəsində Texniki Məsləhətçi Qrupun (işçi qrup) 1-ci iclası keçirildi. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) təşkil olundu.

Tədbirdə İSİM-in direktoru Qəhrəman Haqverdiyev açılış nitqi ilə çıxış edib və layihə barədə məlumat verib. Qeyd olundu ki, layihə Vital Strategies tərəfindən idarə edilən və Bloomberg Philanthropies-in dəstəyi ilə həyata keçirilir.

Layihənin əlaqələndiricisi, İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev layihənin məqsəd və vəzifələri barədə danışdı. Sonra tütün tüstüsündən azad siyasətə xüsusi diqqət yetirməklə, tütünlə mübarizə tədbirlərinin icra və monitorinqi ilə bağlı mövcud qanunvericiliyin yenidən nəzərdən keçirilməsi və təkmilləşdirilməsi məsələlərinin müzakirəsi aparıldı.

Layihə üzrə planlaşdırılan tütünçəkmə qadağan olunan yerlərdə Müşahidə Tədqiqatının keçirilməsinə görə məsul şəxs olan İSİM-in Təlim-resurs şöbəsinin müdiri Kamila Kərimova tədqiqatın təşkili barədə danışdı.

İSİM-in Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva Azərbaycanda növbəti (3-cü) GYTS tədqiqatının başlanması barədə xəbər verdi və hazırlıq işlərinin, eləcə də sahə işlərinin təşkili barədə qarşıda duran məsələləri açıqladı.

Layihə üzrə fəaliyyətlərdən biri də ictimai yerlərdə tütün çəkmə qadağalarının tətbiqi üçün sübuta əsaslanan milli təlimatların hazırlanmasıdır. Bu işin təşkili və gedişatını dair İSİM-in Baş hüquqşünası Rüstəm Məmmədov müzakirə etdi.

Layihə üzrə qarşıda duran mühüm vəzifələrdən biri də 31 may Ümumdünya Tütünsüz Gününün keçirilməsidir. İSİM ənənəvi olaraq həmin günü keçirir və bu buna hazırlıq işləri barədə İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva ətraflı məlumat verdi.

İclasın yekununda işçi qrupun ümumi müzakirələri aparıldı, növbəti fəaliyyətlərin planlaşdırılması və təşkili barədə məsələlərə aydınlıq gətirildi.